“Global İndex” dünyanın ən “ağıllı şəhər”lərinin siyahısını açıqlayıb. Araşdırmaya görə, dünyanın ən yaxşı “ağıllı şəhər”i İsveçrənin Sürix şəhəri seçilib. Siyahıda ikinci yerdə Oslo şəhəri, üçüncüdə Kanberra, dördüncüdə Cenevrə, beşincidə Sinqapur, altıncıda Kopenhagen, yeddincidə Lozanna, səkkizincidə London, doqquzuncuda Helsinki, onuncu yerdə Abu Dabi şəhəri qərarlaşıb.
Qeyd edək ki, “Ağıllı və dayanıqlı şəhər”in göstəricilərini BMT 2015-ci ildə müəyyən edib. Qurumun verdiyi ümumiləşdirməyə əsasən ağıllı və dayanıqlı şəhər - informasiya texnologiyalarından istifadə edən innovasiyalı şəhərdir. Hansı ki, bu imkanlar həyat səviyyəsinin yüksəlməsi, xidmətlərin daha effektiv və rəqabət qabiliyyətli olması, eləcə də, indiki və gələcək nəsillərin iqtisadi, sosial və mədəni tələblərinin ödənilməsinə şərait yaradır. BMT-nin qaydalarına görə «ağıllı şəhər» sistemləri şəhərdə demək olar bütün sahələrdə tətbiq edilməlidir. Burada əsas 3 istiqamət var:
1) İqtisadiyyat – İKT, innovasiya, məşğulluq, ticarət, istehsal, fiziki infrastruktur.
2) Ətraf mühit – havanın tərkibi, su təchizatı, səs-küy, ətraf mühitin keyfiyyəti, biomüxtəliflik, energetika.
3) Cəmiyyət və mədəniyyət – təhsil, səhiyyə, təhlükəsizlik, mənzil, mədəniyyət, sosial qaynayıb-qarışma.
Bu istiqamətlər ilk baxışdan ümumi görünsə də, insan həyatının bütün tərəflərini, hətta ən xırda məsələləri əhatə edir. Məsələn, bütün evlərdə internet və elektron qurğular olmalı, məşğulluq daima artmalı, kreativliyi təmin etmək üçün isə müəllif hüquqları ciddi şəkildə qorunmalıdır. Şəhərin hər yerində elektron və mobil ödənişlər işləməli, elektron ticarət mümkün olmalıdır. “Ağıllı şəhər”in fəaliyyəti smart cihazlardan əldə edilən məlumatlar üzərində qurulur. Bu cihazlar telefonlar, ya da avtomobillərdə olan sensorlar ola bilər. Smart cihazlar vasitəsilə kifayət qədər məlumat əldə edildikdə isə məsul şəxslər şəhərin ehtiyaclarını müəyyən edə və lazımlı infrastruktur işlərinə start verə bilərlər.
Bu gün dünyada bir çox inkişaf etmiş və ya inkişaf etməkdə olan ölkələrin şəhərləri sabahın “ağıllı şəhər”ləri olmağa çalışır. Bəs görəsən, Azərbaycanın iri şəhərlərində “ağıllı şəhər” konsepsiyası qurmaq mümkündürmü? Bu konsepsiyanın reallaşması üçün nə qədər vəsaitə ehtiyac var?
Xatırladaq ki, erməni işğalçılarından azad edilmiş Qarabağ və Şərqi Zəngəzur hazırda planlı şəkildə, “yaşıl enerji”, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyası əsasında yenidən qurulur. Dövlət artıq bu istiqamətdə konkret addımlar atır, nəhəng quruculuq və yenidənqurma işləri həyata keçirilir. Zəngilan rayonunun Ağalı kəndində “ağıllı kənd” layihəsi çərçivəsində müasir şəhərsalma standartları tətbiq olunub, “ağıllı kənd” konsepsiyasının hər üç komponenti – ağıllı dövlət idarəçiliyi, ağıllı infrastruktur və xidmətlər, eyni zamanda, ağıllı təsərrüfat və biznes mühiti yaradılıb
Konseptin mühitə uyğunlaşdırılması vacibdir
“Ağıllı şəhər” konsepsiyasını qəzetimizə şərh edən edən İKT mütəxəssisi Elvin Abbasov bildirib ki, hər bir “ağıllı şəhər” layihəsi yaşayış mühitinə görə formalaşmalıdır: “Bu məsələdə xarici təcrübəni “tətbiq etmək” termini kökündən səhv hesab oluna bilər. Çünki hər bir ölkənin özünəməxsus infrastrukturu var. Məsələn, Zəngilandakı "ağıllı kənd" konsepsiyasını Milan və ya Barselonadakı "ağıllı kənd" konseptinə uyğunlaşdıra bilmərik. Çünki hər birində tamamilə fərqli iqlim şəraiti var. Bir yerdə külək çoxdur, bir yerdə isti hava. Kürdəmirdə quraşdırdığımız günəş paneli isə Qusarda heç bir işə yaramayacaq. Ona görə "ağıllı kənd", "ağıllı şəhər" konsepti barədə vahid bir şey axtarılmamalıdır. Bununla bağlı vahid çərçivədə danışanlara da irad tutulmalıdır ki, bu, konseptir, bu, həmin yerin xüsusiyyətlərinə, coğrafi mövqeyinə görədir. Onun görə də bu konsepsiyanın qurulması üçün nə qədər vəsait lazım olduğunu söyləmək çətindir. Bu konsepsiya istənilən miqyasda və istənilən ölçüdə ola bilər. Amma konsepsiyanın bəzi şərtləri da var ki, bütün ölkələrdə eynidir. Tutaq ki, interneti götürək. “Ağıllı şəhər” və ya “ağıllı kənd” konsepsiyası yaratmaq üçün həmin ərazidə mütləq dayanıqlı və sürətli internetin olması əsas şərtdir".
Bakını “ağıllı şəhər”ə çevirmək olarmı?
Ekspert vurğulayıb ki, ağıllı idarəetmə dedikdə əsas bu infrastukturların elektron qaydada bir-biriləri ilə ünsiyyəti və mərkəzi formada idarəedilməsi nəzərdə tutulur: “Bu, bir şəhər də, kənd də ola bilər. Kiçik bir xüsusi sahəni də ağıllı idarə etməyə çevirmək mümkündür. Biz xarici təcrübəni araşdırıb, öyrənib, mənimsəyib, öz mühitimizə uyğun yenidən dizayn etməliyik. Uğursuz layihələr ən çox başqa təcrübəni olduğu kimi tətbiq etməklə başlayır. Nəticədə, bütün bu “ağıllı şəhər”, kənd, həmçinin elektron dövlət xidmətləri və digər ağıllı idarəetmə sistemlərinin ideyasının əsas prinsipi dövlət qurumları və özəl sektor xidmətlərinin bir mərkəzdə birləşdirib vətəndaşa elektron xidmət yaratmaqdır. Bunun üçün də önəmli məsələlərdən biri dövlət qurumlarının rəqəmsallaşmasıdır. Misal üçün, dünyanın rəqəmsal mühitdə ən inkişaf etmiş ölkələrdən biri Estoniyadır. Estoniyada dövlət xidmətləri 99 faiz rəqəmsallaşıb. Bu o demək deyil ki, işlər yekunlaşıb. Bu sahədə təkmilləşmə hər zaman gedir, optimallaşır, xidmətin keyfiyyəti, sürəti, əlçatanlığı artır. Bu tip ölkələrdə “ağıllı şəhər” konsepsiyasını tətbiq etmət çox rahatdır. Azərbaycanda isə rəqəmsal hökumətin quruluş istiqamətində ilk proses odur ki, hər bir qurum öz-özlüyündə öz xidmətini rəqəmsallaşdırılmalıdır və bunlar qurumlararası məlumat mübadiləsi ilə olmalıdır, insanlar bunu elektron imza ilə, yəni quruma getmədən, elektron imza ilə özlərini təsdiq etməlidirlər. Bu proseslərin hamısı Azərbaycanda faəliyyətə başlayıb. Demək olar ki, fundamental lazımi proseslər öz həllini tapıb, qalıb bundan sonrakı proses -təkmilləşmə. Təkmilləşmə elədir ki, daim davam edən prosesdir, yəni bitiş prosesi yoxdur”.
Onun sözlərinə görə, bir çox hallarda belə konsepsiyaların təqdim edilməsi zamanı real infrastrukturun vəziyyəti nəzərə alınmır: “Ağıllı şəhər” konsepsiyasına istənilən ölçüdən baxa bilərik, amma reallığı nəzərə alaraq ölkənin mövcud infrastrukturuna görə optimal və təkmilləşdirilə bilən bir konsepsiya hazırlanmalıdır. Məsələn, işğaldan azad olunmuş ərazilərdə “ağıllı şəhər” konsepsiyasını yaratmaq daha rahatdır, nəinki Bakıda. Azad olunmuş ərazilərdə tikinti ağıllı konsepsiya üzərində qurulur, ağıllı konsepsiya tikinti üzrərində tətbiq olunmur. Əgər Bakıda “ağıllı şəhər” konsepsiyası tətbiq olunsa, bu konsepsiya mövcud infrastruktur üzrərində yaradılacaq. Bu da olduqca çətin bir prosesdir”.
Çevik idarəetmə, şəffaf mühit
Mövzu ilə bağlı deputat Vüqar Bayramov bildirir ki, işğaldan azad olunmuş ərazilərimizdə yaşayış məntəqələri “ağıllı şəhər” və “ağıllı kənd” prinsipinə uyğun qurulur. Ağalı kəndində “ağıllı kənd” prinsipinə uyğun olaraq yaşayış məntəqəsi salınıb. Eyni zamanda, digər bölgələrimizdə, o cümlədən Ağdam, Füzuli rayonunun Dövlətyarlı kəndində “ağıllı şəhər” və “ağıllı kənd” prinsipinə uyğun olaraq yaşayış məntəqələrinin inşası həyata keçirilir: “Təbii ki, “ağıllı şəhər” və “ağıllı kənd” dünya praktikasında öz təsdiqini tapmış yanaşmadır. Avropada və bir sıra digər ölkələrdə məhz bu praktikadan istifadə olunur. İdarəetmənin çevikliyinin, həm də şəffaflığının artırılması baxımından “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyası çox vacibdir. Bu, eyni zamanda, vətəndaşların kommunal xidmətlərə əlçatanlığını asanlaşdırır. “Ağıllı şəhər” və “ağıllı kənd” prinsipində kommunal, sosial xidmətlərə əlçatanlılıq daha yüksək olur. Qısa müddətdə sosial xidmətləri daha keyfiyyətli şəkildə əldə etmək imkanları yaranır. Bu, həmçinin fərqli sektorların – sənaye, aqrar sahələrin inkişafı üçün də yaxşı imkanlar yaradır. Ona görə də Azərbaycanın işğaldan azad olunmuş ərazilərində, artıq reallaşan “ağıllı kənd”, “ağıllı şəhər” modeli gələcəkdə digər bölgələrimizdə də tətbiq oluna bilər. Bu, bütövlükdə Qafqazda yaşayış məntəqələrinin qurulması və məskunlaşma baxımından yeni və xüsusi bir yanaşmadır”.